Cəmiyyət

17 Mart

Azərbaycan və Gürcüstan arasında dəmiryolu nəqliyyatının bərpa olunması mayın 1-dən başlayacaq

Finss.az - Azərbaycan və Gürcüstan arasında quru nəqliyyatının, xüsusən də dəmiryolu əlaqələrinin bərpa olunması məsələsi uzun müddətdir müzakirə olunur.

Milli Məclisin deputatı Vüqar Bayramovun verdiyi məlumata görə, artıq tərəflər arasında razılaşma əldə edilib və mayın 1-dən etibarən Bakı ilə Tbilisi arasında sərnişin qatarlarının hərəkəti bərpa ediləcək.

Vüqar Bayramov bildirib ki, rəsmi məlumatlara əsasən, qarşılıqlı razılaşmaya əsasən, dəmiryolu nəqliyyatı mayın 1-dən başlayaraq yenidən fəaliyyətə başlayacaq. O, əlavə edib ki, bu addım Azərbaycana gələn turistlərin sayı və Azərbaycan vətəndaşlarının Gürcüstan və digər Avropa ölkələrinə səyahətlərinin asanlaşmasına mühüm töhfə verəcək. Həmçinin, bu nəqliyyat növünün bərpası, daha sərfəli və rahat səyahət imkanları yaradacaq.

Qeyd edək ki, 2020-ci ilin mart ayında koronavirus pandemiyasına görə Bakı və Tbilisi arasında sərnişin qatarlarının hərəkəti dayandırılıb. Gürcüstan tərəfi isə qatarların mayın 1-dən fəaliyyətə başlayacağını təsdiqləyib. Bu, bölgə ölkələri arasında nəqliyyat əlaqələrinin və turizmin inkişafı baxımından mühüm addım hesab edilir.