Finss.az - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) gələcəkdə büdcənin vergi gəlirlərinin formalaşmasında istehlak xərcləri hesabına dolayı vergilərin payının artırılmasına üstünlük verəcək.
Bu barədə DVX-nin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, bu gün Bakıda keçirilən III "Vergi və Mühasibatlıq Zirvəsi"ndə danışıb. O, vergi siyasətinin əsas istiqamətlərindən birinin istehlak xərclərinin şəffaflaşdırılması və dolayı vergilərin payının artırılması olduğunu vurğulayıb.
N. İmanovun sözlərinə görə, bu yanaşma vergi ödəyicilərinə mənfəətlərini daha sərbəst şəkildə reinvestisiya etmək, yeni iş yerləri yaratmaq və əmək haqlarını artırmaq üçün maliyyə imkanları verəcək. Eyni zamanda, vergi siyasətinin məqsədi, ölkənin iqtisadi hədəflərinə uyğun olaraq real sektorun təşviqini dəstəkləməkdir.
DVX rəsmisi əlavə edib ki, vergi siyasətinin fiskal alətləri gəlir yaradan məşğulluğun, ixracın və müəssisələrin əlavə investisiya imkanlarının genişlənməsini dəstəkləyəcək. Bu yanaşma ölkənin ixracat və investisiyanın payının artırılmasına, eləcə də yüksək sosial rifah təmin edən vətəndaş cəmiyyətinin formalaşmasına müsbət təsir göstərəcək.
Nicat İmanov həmçinin qeyd edib ki, vergi sistemi yalnız dövlətin fiskal gəlirlərini təmin edən mexanizm deyil, iqtisadi inkişafı stimullaşdıran mühüm alətdir. Gələcəkdə, vergi siyasətinin ölkənin inkişafını və sosial-iqtisadi rifahı artırmasını təmin etmək məqsədilə müasir texnologiyalar və beynəlxalq təcrübələrdən istifadə olunacaq. Bu yanaşmanın strateji əhəmiyyəti uzunmüddətli perspektivdə daha da güclənəcək.