Finss.az - Azərbaycanda bir neçə notariat xidməti "mygov" rəqəmsal hökumət platformasına inteqrasiya olunub.
Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) məlumat verilib. İndi vətəndaşlar "mygov" platforması vasitəsilə aşağıdakı notariat xidmətlərindən yararlana bilərlər:
-
Nəqliyyatdan istifadə etibarnaməsi
Bu etibarnamə, bir şəxsin digər şəxsə nəqliyyat vasitəsini idarə etmək və ondan istifadə etmək hüququnu verməsini nəzərdə tutur. Vətəndaşlar, nəqliyyat vasitələrinə dair etibarnaməni üçüncü şəxslərə video təsdiqləmə prosesi ilə rəqəmsal qaydada verə bilərlər. Xidmətin istifadəsi zamanı avtomobil məlumatlarının daxil edilməsi, əlaqə məlumatlarının təqdim edilməsi, video təsdiqlənmə və ödənişin edilməsi tələb olunur. -
Nəqliyyata sərəncam etibarnaməsi
Bu etibarnamə, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (satma, bağışlama, ipoteka və s.) kimi səlahiyyətləri digər şəxsə ötürməyə imkan verir. İstifadəçilər bu xidmət vasitəsilə nəqliyyat vasitələrinə aid xüsusi səlahiyyətlər təyin edərək etibarnamə verə bilərlər. Proses avtomobil məlumatlarının daxil edilməsini, xüsusi səlahiyyətlərin seçilməsi, video təsdiqlənmə və ödənişin edilməsini əhatə edir. -
Qurumlarda təmsilçilik etibarnaməsi
Bu xidmət, istifadəçilərə müxtəlif qurumlarda özlərini təmsil etmək üçün başqalarına etibarnamə verməyə imkan verir. Prosesdə təmsilçinin məlumatlarının təqdim edilməsi, təmsil olunacaq qurumların seçilməsi, video vasitəsilə təsdiqlənmə və ödəniş mərhələləri mövcuddur. -
Etibarnamələrə xitam
"mygov" platforması üzərindən istifadəçilər əvvəlki etibarnamələrini rəqəmsal qaydada ləğv edə bilərlər. Bu xidmət, xüsusi etibarnamənin seçilməsi, hüquqi izahatlarla tanışlıq, video təsdiqlənmə və ödəniş edilməsini əhatə edir.
Bu yeniliklər sayəsində vətəndaşlar təhlükəsiz formada və vaxt itirmədən notariat xidmətlərindən istifadə edə bilərlər.