Biznes

09 Avqust

Artıq “Azercell” abunəçiləri internet olmadan belə SİMA-dan istifadə edə biləcəklər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA – yeni nəsil rəqəmsal imza istifadəçilər üçün maksimum əlçatanlığın təmin edilməsi istiqamətində daha bir addım atıb.

Fins.az xəbər verir ki, artıq “Azercell” abunəçiləri SİMA-nın xidmətlərindən mobil internet olmadan da istifadə edə biləcəklər. Bunun üçün sadəcə cihazda mobil data trafikini açıq saxlamaq kifayətdir. Belə ki, abunəçinin balansında hər hansı məbləğ və aktiv internet paketi olmadığı halda belə SİMA mobil tətbiqinə giriş, qeydiyyat, imzalama və digər əməliyyatların icrası mümkün olacaq.

Bundan başqa, abunəçinin balansında aktiv internet paketi olarsa, yenə də SİMA mobil tətbiqinin xidmətlərindən istifadə zamanı internet balansından hər hansı çıxılma olmayacaq.

Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

Vətəndaşlar üçün ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.