Finss.az - Görüşdə sahibkarların malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi ilə bağlı müraciətlərini “E-keyfiyyet.gov.az” informasiya sistemi vasitəsilə həyata keçirmələrinin vacibliyi vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən sahibkarlarla maarifləndirici görüşlərin keçirilməsi davam etdirilir. Növbəti görüş Agentliyin 13 saylı regional bölməsinin əhatə etdiyi rayonlarda (Şəki, Qax, Zaqatala, Balakən) fəaliyyət göstərən biznes subyektləri üçün təşkil olunub.
Görüşdə malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması məqsədilə “E-keyfiyyət.gov.az” informasiya sistemində istifadəyə verilmiş “Mənşə sertifikatı” alt modulunun funksionallığı və təqdim etdiyi üstünlüklər barədə ətraflı məlumat diqqətə çatdırılıb.
Görüş zamanı “Mənşə sertifikatı” alt modulundan istifadə qaydalarını əks etdirən videoçarx nümayiş etdirilib, sahibkarların malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi ilə bağlı müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələrinin vacibliyi vurğulanıb.
Qeyd: “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarx ilə Agentliyin rəsmi “Youtube” kanalı (//www.youtube.com/watch?v=ZUwJT2mODRgt=89s) və “E-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (//e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə tanış olmaq mümkündür.





