Finss.az xəbər verir ki, Google növbəti dörd il ərzində Almaniyada məlumat mərkəzlərinə və digər texnoloji əməliyyatlara ümumilikdə 5,5 milyard avro investisiya yatırmağı planlaşdırır. Qərb mediasının məlumatına görə, bu açıqlama şirkət nümayəndələrinin Berlində alman nazirləri ilə keçirdiyi görüş zamanı verilib.
Layihəyə Frankfurt yaxınlığında iki yeni məlumat mərkəzinin tikintisi də daxildir. Google Almaniyanın rəhbəri Filipp Yustusun sözlərinə görə, həyata keçiriləcək bu investisiya ölkədə ildə təxminən 9000 yeni iş yeri yaradacaq. Bu addım Google-un Avropada rəqəmsal infrastrukturun genişləndirilməsinə verdiyi strateji önəmin göstəricisi kimi qiymətləndirilir.
Son illər Avropa ölkələri texnologiya və süni intellekt sahəsində ABŞ və Asiya ilə rəqabətdə geri qalmamaq üçün məlumat mərkəzlərinə daha çox üstünlük verirlər. Bunun fonunda digər texnologiya şirkətləri də regionda aktivdir: ötən həftə Nvidia Corp. və Deutsche Telekom 2026-cı ilin əvvəlində açılması planlaşdırılan 1 milyard avroluq məlumat mərkəzi tikintisi barədə açıqlama vermişdi.
