BİZNES

06 Noyabr

Enerji səmərəliliyi ilə əlaqəli enerji istehlak edən qurğu və avadanlıqlara dair texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq

Finss.az - Maraqlı tərəflər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi internet səhifəsi (competition.gov.az) vasitəsilə sözügedən texniki reqlament layihələri ilə tanış ola, rəy və təkliflərini bildirə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə 13 noyabr 2025-ci il, saat 11:00-da “Bakı KOB evi”ndə Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən hazırlanmış “Soyuducu avadanlıqların enerji etiketlənməsinə dair”, "Soyuducu avadanlıqlara ekodizayn tələblərinə dair”, "Kondisionerlər və komfort ventilyatorlar üçün ekodizayn tələblərinə dair”, “Kondisionerlərin enerji etiketlənməsinə dair", “İşıq mənbələrinin və ayrı-ayrı idarəetmə mexanizmlərinin enerji etiketlənməsi haqqında”, “İşıq mənbələrinin və ayrı-ayrı idarəetmə mexanizmləri üçün ekodizayn tələbləri haqqında”, “Bişirmə sobalarının və havalandırma sistemlərinin enerji etiketlənməsi haqqında”, “Bişirmə sobaları, plitələr və havalandırma sistemləri üçün ekodizayn tələbləri haqqında”, "Məişət paltaryuyan və qurutma funksiyalı paltaryuyan maşınların ekodizayn tələblərinə dair”, “Məişət paltaryuyan və qurutma funksiyalı paltaryuyan maşınların enerji etiketlənməsinə dair” və “Tozsoranlar üçün ekodizayn tələbləri haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçiriləcək.

Vətəndaş cəmiyyəti institutları, sahibkarlıq subyektləri, istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflər təşkil olunacaq görüşə //bit.ly/4nJ28tY linki üzərindən onlayn qaydada qoşula və müzakirələrdə iştirak edə bilərlər:

Müzakirələr qanunvericiliyə uyğun olaraq, texniki reqlament layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı tərəflərin bu reqlamentlərin hazırlanmasında aktiv iştirakının təşviqi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və onların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə aparılacaq.

İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə dair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təhlili və layihələrdə əks olunmasına dair müzakirələrin keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, texniki reqlament layihələri həmçinin Agentliyin rəsmi internet səhifəsinin “Qanunvericilik” bölməsinin “Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi” alt-bölməsində (//competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) də yerləşdirilib.