Cari ilin yanvar-sentyabr aylarında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 207 milyon ABŞ dolları təşkil edib.
Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında yer alan məlumata əsasən xəbər verir ki, hesabat dövründə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 milyon dollar və ya 7,3% artım deməkdir.
Məlumat üçün qeyd edilib ki, 2024-cü ilin yanvar-iyul aylarında “SOCAR Polymer”in ixrac gəlirləri 138,2 milyon dollar olub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlər arasında ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi lider mövqedədir. Siyahıda, həmçinin “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, ARDNŞ-nin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “SOCAR-DALĞIÇ” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu” mineral su zavodu MMC və Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti də yer alır.
Fuad Mədətov
Finss.az
