2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,4 milyard ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 28,1% və ya 745,2 milyon dollar artım deməkdir.
Hesabat dövründə Çinlə ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,61%-ni təşkil edib. Bu, Çinlə aparılan ticarəti ölkənin ən çox əməliyyat apardığı ölkələr arasında 4-cü yerə çıxarıb.
Yanvar-sentyabr aylarında Azərbaycandan Çinə 70,6 milyon dollar dəyərində məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur. Eyni zamanda, Çindən Azərbaycana 3,3 milyard dollar dəyərində idxal həyata keçirilib ki, bu da illik müqayisədə 26,1% artım deməkdir. Çin beləliklə, Azərbaycanın idxal etdiyi məhsulların ən çox olduğu ölkə olub.
Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 35,375 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18,606 milyard dolları ixrac, 16,769 milyard dolları idxal təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 6,3% azalsa, idxal 14,5% artıb.
Nəticədə, xarici ticarətdə 1,837 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2,8 dəfə azdır.
Fuad Mədətov
Finss.az
