BİZNES

27 Oktyabr

Azərbaycanın Yunanıstana neft ixracı 2 dəfədən çox artıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan Yunanıstana 268,5 milyon ABŞ dolları dəyərində 500,7 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub.

Finss.az Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 123,7 milyon ABŞ dolları və ya 1,9 dəfə, həcm baxımından isə 272 min ton və ya 2,2 dəfə çoxdur.

Hesabat dövründə Yunanıstan Azərbaycan neftinin ən çox ixrac edildiyi ölkələr sırasında 7-ci yeri tutub.

Qeyd olunur ki, cari ilin yanvar–sentyabr aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları dəyərində, 16,996 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,069 milyard dollar və ya 18,8 faiz, fiziki həcmdə isə 613 min ton və ya 3,5 faiz azalma deməkdir.

Fuad Mədətov
Finss.az