BİZNES

27 Oktyabr

“Türkiyə–Azərbaycan İş Dünyasında Yeni Üfüqlər” Səhər Yeməyi tədbiri keçirilib

26 oktyabr 2025-ci il tarixində “Türkiyə–Azərbaycan İş Dünyasında Yeni Üfüqlər” adlı səhər yeməyi tədbiri təşkil olunub. Tədbirin fəxri qonağı Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə nazirinin müavini cənab Ahmet Aydın olub.

Finss.az xəbər verir ki, tədbirdə həmçinin Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Çalışma və Sosial Güvenlik Müşaviri Fatih Bilal Alodalı, Baş Ticarət Müşaviri Nevzat Bozkurt, TÜİB üzv şirkətlərinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində TÜİB İdarə Heyətinin üzvü Salih Tüfekçi Birliyin fəaliyyəti, layihələri və iki ölkə arasında əməkdaşlıq istiqamətləri barədə təqdimatla çıxış edib.

Çıxışı zamanı cənab Ahmet Aydın son üç gündə Azərbaycanda keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edərək bildirib ki, ölkəmizdə fəaliyyət göstərən bir çox türk iş adamlarının uğurlu layihələr həyata keçirdiyinə şəxsən şahid olub:

“Azərbaycan–Türkiyə münasibətləri strateji və qardaşlıq bağları üzərində qurulub. Həm azərbaycanlı, həm də türkiyəli iş adamlarından ibarət TÜİB bu münasibətlərin iqtisadi sahədə inkişafına böyük töhfə verir. Hüseyin Büyükfıratın rəhbərliyi ilə TÜİB-in gördüyü işlər təqdirəlayiqdir. Liderlərimiz arasındakı yaxın münasibətlər iki ölkənin iş dünyasına da müsbət təsir göstərir. Azərbaycan Türkiyənin Asiya və Orta Asiyaya, Türkiyə isə Azərbaycanın Qərbə açılan qapısıdır. İki dövlət, bir millət olaraq biz artıq güc mərkəzinə çevrilmişik və Qarabağ Zəfəri bunun bariz nümunəsidir.”

Tədbirdə həmçinin TÜİB-in yeni üzvlərinə üzvlük plaketləri təqdim edilib.

Eyni zamanda TÜİB-in yeni üzvü olan Abşeron Logistika Mərkəzi barədə məlumat iştirakçılara Elməddin Hüseynov tərəfindən təqdim edilib. O, mərkəzin fəaliyyəti, “Biznes Park Abşeron” layihəsi və logistika sahəsində yaradılan imkanlar haqqında ətraflı danışıb.

TÜİB sədri Hüseyin Büyükfırat çıxışında vurğulayıb ki, Birlik iki qardaş ölkə arasında iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində ardıcıl fəaliyyət göstərir:

“TÜİB olaraq iki ölkə arasında iqtisadi və mədəni münasibətlərin inkişafına töhfə vermək üçün çalışırıq. Bu gün cənab Ahmet Aydının iştirakı ilə təşkil etdiyimiz bu proqramda üzvlərimizlə bir araya gələrək əməkdaşlıq imkanlarını müzakirə etdik. Məqsədimiz hər iki ölkənin iqtisadiyyatına həm istehsal, həm də məşğulluq baxımından dəyər qatmaq, birgə inkişaf və tərəqqiyə xidmət etməkdir.”

Tədbir səmimi atmosferdə keçib, iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və geniş networking imkanı yaranıb.

Fuad Mədətov
Finss.az