Finss.az xəbər verir ki, ABŞ mənşəli süni intellekt şirkəti Anthropic, Alphabet Inc.-in tərkibinə daxil olan Google Cloud bölməsi ilə strateji əməkdaşlığını genişləndirib. Yeni razılaşmaya əsasən, Anthropic şirkəti Google Cloud-un hazırladığı tensor prosessorlarından (TPU) süni intellekt modellərinin təlimi və işlədilməsi üçün geniş miqyasda istifadə edəcək.
Sazişə əsasən, Anthropic 1 milyona qədər TPU nüsxəsindən yararlanaraq hesablama gücünü 1 GV-dən çox səviyyəyə qaldırmağı planlaşdırır. Bu addım şirkətə növbəti il süni intellekt modellərinin təlimini daha sürətli və miqyaslı şəkildə həyata keçirməyə imkan verəcək.
Google Cloud-un məlumatına görə, yeni çiplər Anthropic-in “Claude” adlı süni intellekt modelinin hazırlanması və xidmət göstərilməsi üçün istifadə ediləcək. “Claude” hal-hazırda şirkətin flaqman məhsulu hesab olunur və inkişaf etmiş dil modellərinə əsaslanır.
Razılaşmaya əsasən, Anthropic həmçinin Google Cloud-un digər qabaqcıl AI xidmətlərindən və infrastrukturundan da faydalanacaq.
Bununla yanaşı, Anthropic şirkəti yalnız Google texnologiyalarına deyil, həm də Amazon-un Trainium prosessorlarına və NVIDIA GPU-larına əsaslanan hesablama resurslarından istifadə etməyə davam edir.
