BİZNES

24 Oktyabr

Azərbaycanda xarici maliyyə mənbələrindən əsas kapitala yönəldilən investisiyalar 38% artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda xarici maliyyə mənbələrindən əsas kapitala 2,991 milyard manat investisiya yönəldilib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, xarici mənbələrdən yönəldilmiş investisiyaların 2,244 milyard manatı neft-qaz sektoruna, 746,4 milyon manatı isə qeyri-neft-qaz sektoruna sərf olunub. Ötən ilin ilk 9 ayı ilə müqayisədə neft-qaz sektoruna yönəldilmiş investisiyalar 23 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 2,2 dəfə artıb.

Cari ilin yanvar-sentyabr aylarında ölkədə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala ümumilikdə 13,048 milyard manat sərmayə qoyulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. Neft-qaz sektoruna sərf olunan investisiyalar 11,5 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 7 faiz artıb.

Ümumi sərmayənin 6,648 milyard manatı məhsul istehsalı sahələrinə, 4,298 milyard manatı xidmət sahələrinə, 2,102 milyard manatı isə yaşayış evlərinin tikintisinə sərf edilib. Sərmayənin 51,6 faizi dövlət, 48,4 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. Sərmayə qoyuluşunun 78,8 faizi tikinti-quraşdırma işlərinə yönəldilib, daxili mənbələrdən yönəldilmiş investisiyaların payı isə ümumi sərmayənin 77,1 faizini təşkil edib.

Fuad Mədətov
Finss.az