Son günlər kütləvi informasiya vasitələrində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və onun törəmə müəssisələrinin guya vergi borclarının mövcudluğu barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Korporasiya bu məlumatlara aydınlıq gətirərək bəzi məqamları dəqiqləşdirib.
Finss.az xəbər verir ki, “Akkord” ASC-dən verilən məlumata görə, mediada qurumun 22 fevral 2024-cü il tarixinə olan vergi borcu barədə məlumat paylaşılıb. Lakin qeyd olunur ki, həmin tarixdən iki ilə yaxın müddət keçib və hazırda “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin vergilər üzrə hər hansı borcu yoxdur.
Bildirilib ki, mediada yer alan digər məlumatda “Akkord Hydrotechnical Construction Company” MMC-nin 4,4 milyon manat borcu olduğu qeyd olunub. Korporasiyadan verilən açıqlamada borcun mövcudluğu təsdiqlənsə də, məlumatda göstərilən məbləğin reallıqdan bir neçə dəfə artıq olduğu vurğulanıb.
Məlumata əsasən, borcun yaranmasının əsas səbəbi müəssisənin “Azərsu” ASC-dən görülmüş işlərə görə böyük həcmdə debitor borcunun qalması və həmin vəsaitin hələ ödənilməməsidir. Hazırda bu məsələ ilə bağlı Dövlət Vergi Xidməti, “Azərsu” ASC və “Akkord” arasında birgə əməkdaşlıq davam edir.
Korporasiya həmçinin bəyan edib ki, mediada adı çəkilən “Akkordian Traden” MMC ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin heç bir hüquqi və ya işgüzar əlaqəsi yoxdur və həmin şirkət “Akkord”un törəmə müəssisəsi deyil.
Bildirilib ki, “Akkord Qum” MMC 2011-ci ildən “Akkord” ASC-yə birləşdirilib və bu müəssisə 15 ildir ki, müstəqil fəaliyyət göstərmir və vergi borcu yoxdur.
Korporasiya əlavə edib ki, “Hydraulic Mechanisms Company” MMC-nin 172 min manat həcmində vergi borcu həqiqətən də mövcuddur. Sözügedən müəssisə bu borcun ödənilməsi istiqamətində Dövlət Vergi Xidməti ilə əməkdaşlıq edir və borcun bu ilin sonuna qədər tam ödənilməsi nəzərdə tutulur.
Sonda “Akkord” ASC media nümayəndələrinə və sayt rəhbərlərinə müraciət edərək, hər hansı məlumatı dərc etməzdən əvvəl məlumatın aid olduğu qurum və ya şəxslə dəqiqləşdirilməsini, Media haqqında Qanunun tələblərinə riayət olunmasını və şəxsin işgüzar nüfuzuna xələl gətirə biləcək yanlış informasiyaların yayılmasından çəkinməyi xahiş edib.