2025-ci ilin 1 sentyabr tarixinə Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilmiş dövlət şirkətləri borclarının həcmi 10,727 milyard manat, yəni ÜDM-in 8,3 faizi səviyyəsində olub.
Finss.az Maliyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bu məbləğin 87,6 faizi xarici valyutada (5,526 milyard ABŞ dolları), 12,4 faizi isə milli valyutada (1,332 milyard manat) cəlb edilmiş borclara verilmiş dövlət zəmanətlərindən ibarətdir.
Qeyd olunur ki, dövlət zəmanətli borcların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 786,7 milyon manat azalıb.
Məlumatda bildirilir ki, "Azərbaycan Respublikası adından verilmiş dövlət zəmanətləri əsasən dövlət müəssisələri tərəfindən cəlb edilmiş borclara verilmiş dövlət zəmanətləridir. Uzunmüddətli mitiqasiya tədbiri olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı iləyaradılmış “Azərbaycan İnvestisiya Holdinqi” və “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxslərin idarəetməsinə verilmiş portfel şirkətlərin, o cümlədən dövlət zəmanəti ilə borc cəlb etmiş bir sıra dövlət müəssisələrinin idarəolunması sisteminin təkmilləşdirilərək korporativ idarəetmə standartlarının tətbiq edilməsi,gəlir və xərclərinə nəzarətin gücləndirilməsi, risklərin optimallaşdırılması yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində müvafiq addımlar atılır.