BİZNES

16 Oktyabr

BTC boru kəməri ilə neft nəqli 20,569 milyon ton olub

2025-ci ilin yanvar–sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 20,569 milyon ton neft nəql edilib, bu da ötən ilin eyni dövrünə nisbətən 1,1 milyon ton və ya 5,1% azalma deməkdir.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin ilk doqquz ayında BTC ilə 21,682 milyon ton neft nəql olunub.

Hesabat dövründə BTC kəməri ilə nəql edilən neftin 84,6%-i Azərbaycanda hasil edilən neft, 15,4%-i isə Türkmənistan və Qazaxıstandan daxil olan neft olub. Bu dövrdə Azərbaycan neftinin həcmi 271,9 min ton (1,5%), Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 840,7 min ton (21%) azalıb.

Ümumilikdə, magistral neft kəmərləri ilə 27,593 milyon ton neft nəql olunub, bu da ötən ilin göstəricisinə nisbətən 1,267 milyon ton və ya 4,4% azalma deməkdir.

Qeyd edək ki, BTC boru kəmərinin ümumi uzunluğu 1.768 km-dir, Azərbaycan ərazisindən 443 km, Gürcüstan ərazisindən 249 km, Türkiyə ərazisindən isə 1.076 km keçir. Boru kəməri 2003-cü ilin aprelində tikintisinə başlanıb, 2005-ci il mayın 18-də neft yüklənməyə başlayıb.

Layihənin icrası üçün təsis edilmiş BTC Co. şirkətində pay bölgüsü: bp (30,1%), AzBTC (25%), MOL (8,9%), Equinor (8,71%), ТРАО (6,53%), Eni (5%), Total (5%), Itochu (3,4%), Inpex (2,5%), ExxonMobil (2,5%) və ONGC (2,36%) təşkil edir.

Fuad Mədətov
Finss.az