BİZNES

14 Oktyabr

Vüsal Qasımlı "Rebuild Karabakh – 2025" tədbirində çıxış edib

Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (“Baku Build-2025”) və 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh – 2025”) çərçivəsində təşkil olunan “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli” mövzusunda paneldə çıxış edib.

O, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərdən danışıb, tədbirlərin icrasının uğurla davam etdiyini bildirib. İİTKM tərəfindən aparılan monitorinq və qiymətləndirmə hesabatlarına əsasən, 10 rayonun 28 yaşayış məntəqəsi üzrə 5 000-ə yaxın ailənin və 20 000-ə yaxın keçmiş məcburi köçkünün doğma yurdlarına qayıdışı təmin edilib (4 826 ailə, 19 109 nəfər). Hazırda azad edilmiş ərazilərdə fəaliyyət göstərən əhali sayı 50 000-ə yaxındır. 2025-ci ilin sonunadək 47 yaşayış məntəqəsinə köçürüləcək əhali sayının 10 344 ailə üzrə 42 075 nəfər olacağı nəzərdə tutulub.

Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması nəticəsində Ağdam Sənaye Parkı üzrə qeydiyyata alınan 30 rezident və 18 qeyri-rezidentdən müvafiq olaraq 10-u və 1-i fəaliyyətə başlayıb. “Araz Vadisi” Sənaye Parkı üzrə qeydiyyata alınan 4 rezident və 3 qeyri-rezidentdən müvafiq olaraq 2-si və 1-i fəaliyyətə başlayıb.

İİTKM-in icraçı direktoru qeyd edib ki, azad olunmuş ərazilərdə daimi məskunlaşmış əhalinin orta hesabla 35 faizi iqtisadi fəal əhalidir ki, onlardan da 91 faizinin məşğulluğu təmin edilib.       Azad edilmiş ərazilərdə 18 ümumi təhsil müəssisəsi və 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda 5 ümumi təhsil müəssisəsi və 1 məktəbəqədər təhsil müəssisəsinin tikintisi davam etdirilir, 1 peşə təhsili müəssisəsində təmir işləri həyata keçirilir.

Nəqliyyat-tranzit layihələrindən də söz açan Vüsal Qasımlı bildirib ki, Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanları istifadəyə verilib. Uzunluğu 500 km-ə yaxın avtomobil yolunun tikintisi başa çatdırılıb. Ağdam Dəmir Yolu və Avtovağzal kompleksi istifadəyə verilib, Horadiz-Ağbənd dəmir yolunun 75 km-dən artıq hissəsi (68%) tikilib, uzunluğu 47.1 km olan Bərdə-Ağdam dəmir yolu istismara verilib.

"Rebuild Karabakh – 2025" çərçivəsində keçirilən panel müzakirələrin əsas məqsədi Qarabağı yalnız bərpa və infrastruktur layihələrinin mərkəzi kimi deyil, Azərbaycanın yeni və davamlı inkişaf modelinin mühüm dayağı kimi təqdim etmək, eyni zamanda investorlar və peşəkarlar üçün Qarabağın geniş imkanlar və perspektivlər məkanı olduğunu göstərməkdir. Sessiyada Vüsal Qasımlı ilə yanaşı, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov, “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Elman Cavanşir və “PMD Group” MMC-nin Daşınmaz əmlakın inkişafı üzrə direktoru Kamil Əliyev iştirak ediblər.

Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə yeni şəhərsalma prinsipləri, regionun Azərbaycan və dünya iqtisadiyyatına inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının praktik nümunələri və gələcək mərhələdə qarşıya çıxan əsas çağırışlar müzakirə edilib.