Cari İran ilinin ilk 6 ayında (21 mart – 22 sentyabr 2025) İranın Azərbaycandan məhsul idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 55,5%, çəki baxımından isə 59,2% azalıb.
Finss.az xəbər verir ki, bu barədə məlumat İranın Gömrük Administrasiyasının statistikasında əksini tapıb.
Məlumata əsasən, hesabat dövründə İran Azərbaycandan təxminən 5,83 milyon dollar dəyərində 3,1 min ton məhsul idxal edib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu rəqəmlər 13 milyon dollar və 7,63 min ton təşkil edib.
İdxal olunan məhsullar sırasında müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və digər mallar yer alıb.
Eyni dövrdə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 283 milyon dollar dəyərində 424 min ton olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 22%, çəki baxımından 5,2% azalma deməkdir.
Ümumilikdə, cari İran ilinin ilk 6 ayında ölkəyə məhsul idxalı 28,4 milyard dollar dəyərində, 18,8 milyon ton həcmində reallaşıb. İdxal dəyər baxımından 15% azalsa da, çəki baxımından 2% artım qeydə alınıb.
Qeyd olunur ki, İran idxalda əsasən zəruri məhsullara üstünlük verir və ölkədə istehsalı mümkün olan məhsulların xaricdən gətirilməsinə məhdudiyyətlər tətbiq edir.
Fuad Mədətov
Finss.az