2025-ci il sentyabrın 1-nə olan vəziyyətə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 764,9 min nəfər təşkil edib. Onlardan 855,3 min nəfəri dövlət, 909,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, muzdla işləyənlərin 19 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi səhiyyə və sosial xidmətlər, 6,8 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti sahəsində çalışıb. Qalan 14,6 faiz isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Hesabat dövründə, yəni 2025-ci ilin yanvar-avqust aylarında, muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq 1093,8 manat səviyyəsində olub. Ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.
Fuad Mədətov
Finss.az