BİZNES

13 Oktyabr

Azərbaycanda bu ilin sentyabrında inflyasiya 6%-ə yaxın olub

2025-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin sentyabr ayına nisbətən 105,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,9 faiz, qeyri-qida məhsulları üzrə 102,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,3 faiz təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, sentyabr ayında əvvəlki aya nisbətən istehlak qiymətləri indeksi 101,1 faiz, yanvar-sentyabr dövründə isə 105,7 faiz olub. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə indeks sentyabr ayında əvvəlki aya nisbətən 101,8 faiz, yanvar-sentyabr dövründə isə 106,7 faiz təşkil edib.

Cari ilin sentyabrında ən çox bahalaşma mal və qoyun əti, balıq və balıq məhsulları, yumurta, xama, kəsmik, kərə yağı, armud, şaftalı, qoz, fındıq, ağ kələm, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, süfrə çuğunduru, yerkökü, sarımsaq, kartof, qara və yaşıl çay məhsullarında müşahidə olunub. Limon, banan, alma, üzüm və soğan isə ucuzlaşıb. Digər qida məhsullarında ciddi dəyişiklik qeydə alınmayıb.

Qeyri-qida məhsulları üzrə indeks əvvəlki aya nisbətən 100,5 faiz, yanvar-sentyabr dövründə isə 102,6 faiz təşkil edib. Bahalaşma mebel, avtomobillər üçün ehtiyyat hissələri, şəxsi gigiyena məmulatları, dəftərxana ləvazimatları, zərgərlik məmulatları, ucuzlaşma isə yay geyimləri üzrə müşahidə olunub.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə indeks isə əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-sentyabr dövründə isə 106,8 faiz təşkil edib. Bahalaşma əsasən ali, orta ixtisas və ödənişli məktəbəqədər təhsil müəssisələri, xarici dil və abituriyent hazırlığı kursları, mənzillərin kirayəsi və bərbərxana xidmətləri üzrə qeydə alınıb, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri üzrə olub. Digər xidmətlərdə ciddi dəyişiklik müşahidə edilməyib.

Fuad Mədətov
Finss.az