BİZNES

07 Oktyabr

Azərbaycanın qeyri-neft sektorunun payı 68%, özəl sektorun payı 81%-ə çatıb – Elnur Əliyev

Bakıda 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumu işə başlayıb.

Finss.az xəbər verir ki, forumun açılışında Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edib.

O, bildirib ki, Azərbaycan regionda İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür, İsƏT ölkələri ilə iqtisadi-ticarət əlaqələrini genişləndirir, qeyri-neft sektorunu gücləndirir və əlverişli investisiya mühiti yaradaraq sahibkarlığın inkişafına töhfə verir.

E.Əliyevin sözlərinə görə, Azərbaycan multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir:

"Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. 2017-ci ildə ölkəmizdə “İslam həmrəyliyi” ili çərçivəsində həyata keçirilən tədbirlər də müsəlman ölkələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə töhfə verib."

O, həmçinin Azərbaycanın İsƏT ölkələri ilə iqtisadi əlaqələrini vurğulayıb:

"Azərbaycanın İsƏT ölkələri ilə iqtisadi və ticarət razılaşmaları ticarətin daha da asanlaşdırılmasına, gömrük əməkdaşlığının gücləndirilməsinə və investisiyaların təşviqinə istiqamətlənib. 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikası ilə İsƏT ölkələri arasında ticarət dövriyyəsi 6 milyard ABŞ dollarına yaxın təşkil etmişdir. Həmçinin ölkəmizdə İsƏT ölkələrinin təqribən 11 minə yaxın şirkəti fəaliyyət göstərir. Bu rəqəm iqtisadi əlaqələrin dərinliyini və qarşılıqlı marağı nümayiş etdirir."

E.Əliyev əlavə edib ki, hazırda qeyri-neft-qaz sektorunun ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib:

"Həyata keçirilən islahatlar və sahibkarlığa dəstək mexanizmlərinin tətbiqi nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81% ətrafındadır. Azərbaycanın beynəlxalq müstəvidə imzalanmış 43 sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişi qüvvədədir."

E.Əliyev sonda vurğulayıb ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təmin edir:

"Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir."

Fuad Mədətov
Finss.az