2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 4,737 milyard ABŞ dolları təşkil edib.
Finss.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5% və ya 226,3 milyon ABŞ dolları artıb.
Hesabat dövründə TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14,7%-nə bərabər olub.
2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3,8 milyard dollarla əvvəlki illə müqayisədə 7,9% azalıb, Qırğızıstanla ticarət dövriyyəsi 53,4 milyon dollara və ya 1,8 dəfə artıb, Qazaxıstanla ticarət dövriyyəsi 547,6 milyon dollara və ya 3,2 dəfə artıb, Özbəkistanla ticarət dövriyyəsi isə 292 milyon dollara və ya 2,1 dəfə yüksəlib.
Cari ilin ilk səkkiz ayında Azərbaycandan Türkiyəyə 30,3 milyon ABŞ dolları dəyərində 65,4 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları, 394,5 milyon ABŞ dolları dəyərində isə qeyri-neft məhsulları ixrac edilib. Hesabat dövründə Qazaxıstan Azərbaycandan 65,7 milyon ABŞ dolları, Özbəkistan isə 43,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları idxal edib.
Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış “Naxçıvan Sazişi”nə əsasən yaradılıb. Azərbaycan təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusuna malikdir.
Fuad Mədətov
Finss.az