BİZNES

03 Oktyabr

İİTKM nəqliyyat-tranzit layihələrinin regionlarda monitorinqini davam etdirir

Finss.az - “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələrinin regionlara səfəri davam edir.

Monitorinq qrupu Zəngilan rayonunda Şərqi Zəngəzur Gömrük İdarəsinin Ağbənd dövlət sərhədindən buraxılış məntəqəsində tikinti, dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətləri, yaxın ərazilərdə qida təhlükəsizliyi nəzarəti məntəqələrinin tikinti və təmiri, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinə baxış keçiriblər.

Səfərdə İİTKM-lə yanaşı, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, “Azərbaycan Dəmir Yolları” QSC, Qida Təhlükəsizliyi Agentliyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Növbəti gün “Biləsuvar” dövlət sərhədindən keçid məntəqələrində mövcud infrastrukturun yenilənməsi və yeni gömrük terminallarının inşası, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində, həmçinin “Astara” dəmiryol dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi, Ələt qəsəbəsində Ələt−Osmanlı−Astara dəmir yolunun tikinti işlərinə başlanılması, LOT 1 üzrə 60 km cütxətli yolun tikintisi, 531 ədəd mühəndis qurğusunun quraşdırılması, Dəmiryolu xətti üzrə 13 stansiyanın tikintisi üzrə işlər monitorinq olunub.

 İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində tədbirlər vaxtında və uğurla həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə icra edilən irimiqyaslı layihələr Azərbaycanı regionun nəqliyyat-tranzit qovşağına çevirir.

Nəqliyyat-tranzit infrastrukturunun təkmilləşdirilməsi tədbirləri çərçivəsində Biləcəri stansiyasının çeşidləmə parkında dəmir yolu xətti və konteyner terminalı tikintisi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (BBDTL) ərazisində çeşidləmə məntəqəsində əlavə dörd dəmir yolu xəttinin və konteyner terminalının tikintisi, Ağır yüklər terminalına mobil konteyner kranı, terminal traktorları və digər avadanlıqların quraşdırılması, BBDTL-in giriş kanalına gəmilərin ikitərəfli təhlükəsiz giriş-çıxışının təmin edilməsi məqsədilə dibdərinləşdirmə işlərinin aparılması, Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanında dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarətinin, eləcə də tranzit yüklərin rəsmiləşdirilməsinin səmərəli qaydada aparılmasını təmin etmək məqsədilə infrastrukturun təkmilləşdirilməsi üzrə görülən işlərə baxış keçirilib. Qeyd olunan obyektlərə səfərdə İİTKM-lə yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı, “Azərbaycan Dəmir Yolları” QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Neft Şirkəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşları iştirak ediblər.