Azərbaycan 2040-cı ilə qədər Avropaya 4 GVt “yaşıl enerji” ixrac etməyi planlaşdırır.
Finss.az xəbər verir ki, bunu “SOCAR Green” şirkətinin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) bildirib.
O qeyd edib ki, layihələr üç mərhələdə həyata keçirilir:
-
Pilot mərhələ (2027-ci ilə qədər): Azərbaycan milli şəbəkəsinə 2 GVt bərpa olunan enerji inteqrasiya olunub, hökumət inkişaf etdirici şirkətləri dəstəkləyir, enerji saxlanması tələb olunmur və şəbəkəyə prioritet çıxış təmin edilir.
-
Yetkinlik mərhələsi (2028–2030/2032): Şəbəkə bərpa olunan enerji mənbələrinin davranışını öyrənir və əlavə inteqrasiya üçün texniki tələblər müəyyən edilir. Bu mərhələdə "AzərEnerji" ASC və Çin şirkəti "China Energy" ilə birgə araşdırmalar aparılır.
-
İxrac mərhələsi (2030–2040): Azərbaycan Avropaya yaşıl enerji ixracatçısı olmaq üçün daha böyük layihələr həyata keçirəcək. Buraya 3,5 GVt dəniz küləyi layihələri (“Masdar” və ACWA Power ilə) və 2 GVt əlavə bərpa olunan enerji layihələri (Çin şirkətləri ilə) daxildir.
E.Tarquliyev bildirib ki, ixrac “yaşıl enerji koridorları” vasitəsilə həyata keçiriləcək, bu koridorlar Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Azərbaycana və Azərbaycanı Qara dəniz üzərindən Avropaya birləşdirir. Alternativ marşrutlar arasında Azərbaycan–Naxçıvan–Zəngəzur–Türkiyə–Bolqarıstan və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan variantları nəzərdə tutulub.