BİZNES

01 Oktyabr

Lokal bazardan tez çıxan şirkətlər kapitalizasiyada ən yaxşı artımı əldə edir – Aslan Sultanov

Finss.az - Bakıda keçirilən “INMerge Summit” çərçivəsində “White Hill Capital” ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında yeni vençur investisiya şirkətinin yaradılması barədə Təsis sazişi imzalanıb.

“White Hill Capital”ın idarəedici tərəfdaşı Aslan Sultanov bildirib ki, fond Azərbaycan şirkətlərinin Mərkəzi Asiya və Yaxın Şərq bazarlarına çıxışına yardımçı olacaq.

A.Sultanov çıxışı zamanı qeyd edib: “Bu gün biz İRİA ilə birgə investisiya alətinin yaradılması layihəsini başa çatdırdıq. Bu çərçivədə agentlik vəsait yatıracaq, biz isə İRİA-nın hər 1 dollarına qarşılıq olaraq həmin alətə 2 dollar yatıracağıq. Bu alət iki tip startapı maliyyələşdirəcək. Birincisi – Azərbaycanda fəaliyyət göstərən və əvvəlcə Mərkəzi Asiya ölkələrinə, daha sonra isə BƏƏ, Qətər və digər ölkələrə genişlənmək istəyən startaplardır. İkincisi isə – Azərbaycan bazarına daxil olmaq, burada şirkət qurmaq, əməkdaşlar cəlb etmək və vergi ödəmək istəyən şirkətlərdir.”

O əlavə edib ki, bu alətin köməyi ilə şirkət genişlənməyə can atan Azərbaycan startapları üçün uğurlu bir yol xəritəsi yarada biləcək: “Bizim təcrübəmizə görə, lokal bazarın hüdudlarından tez çıxan şirkətlər kapitalizasiyada ən yaxşı artımı və uğurlu çıxış potensialını əldə edirlər. Məhz bunu reallaşdırmağı planlaşdırırıq.”