Finss.az - Bakıda keçirilən “INMerge Summit” çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişafı Agentliyi ilə “White Hill Capital” vençur fondu arasında yeni investisiya şirkətinin yaradılması barədə Təsis sazişi imzalanıb.
Agentliyin sədri Fərid Osmanov bildirib ki, “White Hill Capital” öz təcrübəsini və qabaqcıl praktikalarını Azərbaycanla bölüşməyə hazırdır.
F.Osmanov çıxışı zamanı qeyd edib: “Bu gün iki qurum sənəd imzaladı və bu sənəd Bakıda ‘White Hill Capital’ın fondunun yaradılmasına zəmin olacaq. Biz sıx əməkdaşlıq gözləyirik: Agentlik olaraq bizim missiyamız startap ekosistemini inkişaf etdirmək, innovasiyaları və rəqəmsal xidmətləri dəstəkləməkdir. Öz növbəsində ‘White Hill’ təcrübəsini və qabaqcıl praktikasını bölüşməyə hazırdır. Məhz buna görə, biz birgə şəkildə Bakıda vençur fondunun yaradılması qərarına gəldik.”
O əlavə edib ki, danışıqlar və müzakirələr hələ 2024-cü ildə başlayıb və bu gün təşəbbüs yeni mərhələyə qədəm qoyub.