Finss.az - Bakıda keçirilən beşinci “InMerge Innovation Summit” Mərkəzi Avrasiya regionunda innovasiyalar, investisiyalar və texnologiyaların müzakirəsi üçün ən böyük regional platformaya çevrilib.
“PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bildirib ki, “InMerge” beş il ərzində kiçik bir korporativ görüşdən regionun müxtəlif ölkələrindən siyasətçiləri, investorları, korporasiyaları, startapları və ekosistem qurucularını bir araya gətirən əhəmiyyətli forum səviyyəsinə yüksəlib.
O qeyd edib ki, bu gün “InMerge” Mərkəzi Avrasiyanın əsas innovasiya platforması kimi fəaliyyət göstərir və burada ideyalarla kapital birləşərək yeni imkanlar yaradır. Sammit çərçivəsində sərmayələrin iqtisadi inkişafı necə sürətləndirdiyi, innovasiyaların isə həmin sərmayələri real irəliləyişlərə çevirdiyi nümayiş etdirilir.
Cari sammitin miqyası da diqqət çəkir. Tədbirdə fintex və məsuliyyətli bankçılıqdan başlayaraq süni intellekt, Sənaye 4.0, telekommunikasiya, marketinq və elektron kommersiya kimi sahələri əhatə edən mövzular üzrə 150-dən çox spiker çıxış edir. Ümumilikdə 5 mindən çox iştirakçının qatıldığı zirvədə 100-dən artıq startap layihələrini təqdim edir, 80-dən çox vençur fondu isə bu layihələrin inkişafına dəstək göstərməyə hazırdır.
Fuad Mədətov
Finss.az