“PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən və iki gün davam edəcək “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb.
Finss.az xəbər verir ki, sammit çərçivəsində innovasiya, investisiya və əməkdaşlıq sahələri müzakirə olunub. Tədbir Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan siyasətçiləri, korporasiyaları, investorları, startapları və ekosistem oyunçularını bir araya gətirib.
Ümumilikdə, 5 000-dən çox iştirakçı, 150 spiker, 100 startap və 80-dən çox vençur fondu tədbirdə iştirak edib. Bu ilki proqram fintex, məsuliyyətli bankçılıq, data və süni intellekt, “Sənaye 4.0”, telekom, marketinq, e-ticarət və investisiya sahələrini əhatə edən 8 əsas istiqamət üzrə təşkil olunub.

Sammitin qlobal spikerləri arasında “Pixar” şirkətindən Ed Katmul, “OpenAI” şirkətinin bazara çıxış üzrə keçmiş rəhbəri Zak Kass və Harvard Universitetinin professoru Tarun Xanna yer alıb. Onlar biznes və texnologiyanın gələcəyinə dair fikirlərini bölüşüblər.
Açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və innovasiyalar üzrə rəhbəri Tuğra Musayeva çıxış ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, ölkənin müasir iqtisadi siyasətinin əsasını iqtisadi şaxələndirmə təşkil edir. Onun sözlərinə görə, Azərbaycan son illərdə 344 milyard ABŞ dollarından çox investisiya cəlb edib ki, bunun da 210 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəlib.
“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov “INMerge” Sammitini Mərkəzi Avrasiya regionunun aparıcı innovasiya forumu adlandırıb. O, qeyd edib ki, son 5 ildə tədbir korporativ görüşdən regional əhəmiyyətli platformaya çevrilib.
Cəlal Qasımov bildirib ki, sammit yalnız ilham mənbəyi deyil, həm də təhsil və bilik mübadiləsi üçün mühüm platformadır. Onun sözlərinə görə, “təşkilatlar və fərdlər resurs və ideya çatışmazlığından deyil, öyrənməyi dayandırdıqları zaman geri qalırlar.”
Birinci günün son panel müzakirəsi isə biliyin milli inkişafa çevrilməsinə həsr olunub. Paneldə elm və təhsil naziri Emin Əmrullayev, “PAŞA Holding”in baş icraçı direktorunun müavini Dəyanət Sədullayev və Harvard Biznes Məktəbinin professoru Tarun Xanna iştirak edib. Onlar təhsilin sahibkarlığın təşviqində, innovasiyaların hərəkətə gətirilməsində və davamlı inkişafda rolunu müzakirə ediblər.
Fuad Mədətov
Finss.az