BİZNES

11 Sentyabr

Azərbaycanda inflyasiya və istehlak qiymətləri indeksi – SON VƏZİYYƏT

Finss.az - Azərbaycan Mərkəzi Bankı və Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkədə illik inflyasiya hədəflənmiş trayektoriyaya yaxın olaraq davam edir. 2025-ci ilin iyul ayında 12 aylıq inflyasiya 5% səviyyəsində qeydə alınıb.

Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən, uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb. Qərarın əsasını faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu, hədəf inflyasiya (4±2%), daxili makroiqtisadi göstəricilər və valyuta bazarındakı sabitlik təşkil edir.

İyul ayı üzrə məhsul və xidmətlər üzrə illik qiymət artımı belə olub:

  • Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları – 6,2%

  • Ödənişli xidmətlər – 5,6%

  • Qeyri-qida məhsulları – 2,1%

  • Baza inflyasiya – 4,6%

Dövlət Statistika Komitəsinin avqust ayı üzrə məlumatlarına əsasən, istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrünə nisbətən 104,9 faiz, yanvar-avqust aylarında isə 105,6 faiz təşkil edib. Qida məhsulları və ödənişli xidmətlər üzrə qiymət artımı müvafiq olaraq 106,6% və 106,9% səviyyəsində qeydə alınıb. Avqust ayında mal və qoyun əti, süd, yumurta, bəzi tərəvəz və meyvələr, həmçinin şokolad məhsulları bahalaşıb, limon, alma, armud, üzüm və bəzi tərəvəzlərin qiymətləri isə ucuzlaşıb.

Mərkəzi Bankın açıqlamasında qeyd olunur ki, beynəlxalq iqtisadi qeyri-müəyyənliklər olsa da, onların daxili inflyasiyaya təsiri son aylarda əhəmiyyətli olmayıb. BVF-nin məlumatına görə, 2025-ci ilin iyul ayında əmtəə qiymətləri indeksi illik 0,7%, ərzaq məhsulları indeksi isə 3,3% azalıb.

Valyuta bazarında isə tələb təklifi üstələyir, fiziki şəxslərin dollarlaşmış əmanətlərinin səviyyəsi son 12 ayda 1,5 faiz bəndi azalıb və avqust ayında 29,3% təşkil edib. Xarici sektor göstəriciləri də əlverişli olaraq qalır: 6 ay ərzində tədiyə balansının cari əməliyyatlar hesabında 2,3 mlrd. ABŞ dolları müsbət saldo, xarici ticarət balansında isə 7 ay ərzində 1,6 mlrd. ABŞ dolları müsbət saldo qeydə alınıb.

Mərkəzi Bank qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcək. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar 22 oktyabr 2025-ci il tarixində açıqlanacaq və mətbuat konfransı keçiriləcək.

Fuad Mədətov
Finss.az