BİZNES

09 Sentyabr

Azərbaycanda payız mövsümündə elektron ticarət satışları artacaq

Finss.az - 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsi 133 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 66,9% artım deməkdir.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən pərakəndə ticarət şəbəkəsində satılan malların dəyəri 34 988,9 milyon manat olub və bunun 46,1%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Qeyd olunur ki, pərakəndə ticarət dövriyyəsinin yalnız 0,38%-i informasiya sistemləri (internet, ekstranet və s.) vasitəsilə aparılan alqı-satqı əməliyyatlarının payına düşüb. Bununla belə, ekspertlər elektron ticarətdəki yüksək artım tempinin payız mövsümündə də davam edəcəyini və endirim kampaniyaları, yeni məhsul təqdimatları və mobil ticarət imkanlarının satışlara əlavə təkan verəcəyini vurğulayır.

Bu artım tendensiyası göstərir ki, Azərbaycan istehlakçıları arasında onlayn alış-veriş getdikcə populyarlaşır və payız mövsümü elektron ticarət platformaları üçün daha gəlirli dövr ola bilər.