BİZNES

26 Avqust

Nvidia ABŞ hökuməti ilə Çinə yeni B30A AI çiplərinin ixracı barədə danışıqlar aparır

Nvidia Corp. Çinə süni intellekt üçün nəzərdə tutulan yeni, daha güclü B30A çiplərinin ixracı ilə bağlı ABŞ hökuməti ilə danışıqlar aparır. Şirkətin baş direktoru Jensen Huang Tayvanda jurnalistlərə açıqlamasında bildirib ki, hələlik qərar verilməsə də, Vaşinqtonla dialoq davam edir.

Mediada yayılan məlumatlara görə, B30A çipi Çinə xüsusi olaraq hazırlanmış H20-dən daha təkmildir. H20 modelləri əvvəllər ABŞ-ın yarımkeçirici ixrac məhdudiyyətləri səbəbilə Nvidia tərəfindən Çin bazarı üçün adaptasiya edilmişdi. Apreldə bu çiplərin satışına qadağa qoyulsa da, iyunda qərar yumşaldıldı.

Lakin son günlərdə Çin hakimiyyəti dövlət müəssisələri və özəl şirkətlərə H20 çiplərinin hökumət və milli təhlükəsizliklə bağlı layihələrdə istifadəsini məhdudlaşdırmağı tövsiyə edib. Bu fonunda Nvidia bəzi podratçılara H20 istehsalını dayandırmaq barədə göstəriş göndərib.

Hazırda ABŞ-Çin texnoloji münasibətləri fonunda Nvidia-nın Çinə yeni nəsil çiplər göndərməsinə icazə verilib-verilməyəcəyi diqqətlə izlənilir.