BİZNES

26 Avqust

Tesla Çində avtomobillərinə yerli süni intellekt köməkçiləri əlavə edir

Finss.az xəbər verir ki, Tesla Inc. Çindəki avtomobillərinə yerli süni intellekt köməkçilərini inteqrasiya edib. Şirkət artıq bu xidmətlərdən istifadə edən yerli rəqiblərinə çatmaq məqsədilə DeepseekDoubao (Bytedance Ltd. tərəfindən hazırlanmış) sistemlərini avtomobillərinə əlavə edib.

Tesla-nın saytında yayılan məlumata əsasən, yeni texnologiya sürücülərə aşağıdakı imkanları təqdim edir:

  • naviqasiya proqramlarını idarə etmək,

  • avtomobildaxili məlumat-əyləncə sistemlərini işlətmək,

  • kabin temperaturunu tənzimləmək,

  • xəbərləri səs əmrləri ilə almaq.

Burada Doubao səs emalının əsas hissəsini idarə edir, Deepseek-in chatbotu isə süni intellektlə qarşılıqlı əlaqəni təmin edir.

Qeyd edək ki, ABŞ-da Tesla avtomobilləri İlon Maskın xAI şirkəti tərəfindən hazırlanmış Grok adlı AI xidmətindən istifadə edir.

Mütəxəssislərə görə, Çində xarici avtomobil istehsalçıları getdikcə daha çox yerli süni intellekt tərtibatçıları ilə əməkdaşlıq edir. Mart ayında BMW, Çin bazarı üçün nəzərdə tutulan avtomobillərinə Alibaba Group Holding-in QWen dil modelini inteqrasiya etmək üçün tərəfdaşlığını genişləndirdiyini elan etmişdi.