Finss.az xəbər verir ki, Bitcoin (BTC) cümə axşamı keçirilən ticarət zamanı bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib. Sessiya ərzində bu kriptovalyutanın məzənnəsi 124 496 dollar olub. Lakin günün ikinci yarısında qiymət 1,5% geriləyərək 121 011 dollara enib.
“Financial Times” yazır ki, Bitcoin-in bahalaşması korporativ alışlar və ABŞ prezidenti Donald Trampın pensiya yığımlarının kriptovalyutalara yönləndirilməsinə icazə verən fərmanı ilə dəstəklənib.
Coinkite-in məlumatına görə, hazırda 165 qlobal ictimai şirkət balansında Bitcoin saxlayır. FT qeyd edir ki, getdikcə daha çox şirkət kriptovalyuta ehtiyatlarını artırır və bu, bazar qiymətlərini möhkəmləndirir.
Statistikaya əsasən, Bitcoin ilin əvvəlindən bəri 29,2% bahalaşıb, son 12 ayda isə iki dəfədən çox artım göstərib.
Digər məşhur kriptovalyuta Ethereum (ETH) da eyni sessiyada yeni rekorda imza atıb. Onun qiyməti 4,79 min dolları ötüb.