BİZNES

14 Avqust

Neftçala Sənaye Məhəlləsində investisiya fəaliyyəti sürətlə artır

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhələsində hazırda investisiya portfeli 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan 5-i fəaliyyət göstərir. Sahibkarlar tərəfindən bugünədək görülən işlərə 50 milyon manata yaxın investisiya yatırılıb, 300 nəfərdən çox daimi iş yeri yaradılıb.

İZİA-dan Finss.az-a bildirilib ki, Neftçala Sənaye Məhəlləsi ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, həmçinin qeyri-neft sənayesi məhsullarının istehsalının artırılması və ixracının genişləndirilməsi sahəsində mühüm rol oynayır.

Qeyd edilib ki, indiyədək Neftçala Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 230 milyon manatlıq məhsul satışı həyata keçirilib, bunun da 1,8 milyon manatlıq hissəsi ixracın payına düşür.

2025-ci ilin I yarısında Sənaye Məhəlləsində 19 milyon manatlıq məhsul istehsal edilib, ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4 dəfədən çoxdur.

Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsi dövlət başçısının 2 fevral 2015-ci il tarixli Sərəncamı ilə yaradılıb və 2017-ci ilin 24 sentyabrında fəaliyyətə başlayıb. Sənaye Məhəlləsinin əsas fəaliyyət istiqamətləri balıqçılıq, qida sənayesi, avtomobil, yem istehsalı və s. sahələr üzrə müəyyənləşdirilib.

Neftçala Sənaye Məhələsində sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Rezidentlər dövlət vəsaiti hesabına təchiz edilmiş hazır infrastrukturla və mövcud tikinti sahələri ilə təmin olunurlar. Bundan başqa, sənaye məhəllələrinin rezidentləri İqtisadiyyat Nazirliyindən təşviq sənədi əldə etməklə 7 il müddətinə bir çox vergi və gömrük güzəştlərindən faydalana bilirlər.

Fuad Mədətov
Finss.az

Əlavə bax: Azərbaycan Ukraynaya humanitar yardım çərçivəsində elektrik avadanlıqlarını göndərib