BİZNES

06 Avqust

Azərbaycana plastmassa məhsullarının idxalı həcmi və dəyəri artıb

Cari ilin ilk yarısında Azərbaycana plastmassa və onlardan hazırlanan məmulatların idxalında artım qeydə alınıb.

Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkəyə 149,1 min ton plastmassa və plastmassa məhsulu gətirilib. Bu idxalın ümumi dəyəri 274,9 milyon ABŞ dolları təşkil edib.

Göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə artım dinamikasını əks etdirir. Belə ki, 2024-cü ilin ilk altı ayında Azərbaycana 142 min ton plastmassa məhsulu idxal olunmuş və bu idxalın dəyəri 252,4 milyon dollar səviyyəsində olmuşdu. Nəticədə, idxalın həcmi 7,1 min ton və ya 5 faiz, dəyəri isə 22,5 milyon dollar və ya 8,9 faiz artıb.

Hesabat dövründə plastmassa və onlardan hazırlanan məmulatların idxalı ümumi idxalın 2,39 faizini təşkil edib.

Eyni zamanda, 2025-ci ilin ilk yarısında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları həcmində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz və ya 2,632 milyard dollar çoxdur.

Ticarət dövriyyəsinin 12,878 milyard dolları ixracın, 11,522 milyard dolları isə idxalın payına düşüb. İxracda 0,2 faiz azalma, idxalda isə 29,9 faiz artım müşahidə olunub.

Nəticədə, xarici ticarət balansında 1,356 milyard dollar məbləğində müsbət saldo yaranıb. Bu göstərici 2024-cü ilin ilk yarısı ilə müqayisədə 2,677 milyard dollar və ya təxminən 3 dəfə azdır.

Fuad Mədətov
Finss.az