Finss.az xəbər verir ki, Neft qiymətləri bazar ertəsi günü OPEC+-ın hasilatı artırmaq qərarı tədarük bolluğu ilə bağlı narahatlıqları artırdığı üçün ucuzlaşıb, ABŞ məlumatları isə zəifləyən iqtisadiyyata işarə edib.
Daha əvvəl ümumi kvotalarına əlavə olaraq könüllü olaraq hasilatı azaldacaqlarını elan edən səkkiz OPEC+ ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman) avqustun 3-də keçirilən iclasda hasilatı avqust ayı ilə müqayisədə gündəlik 547 min barel artırmaq qərarına gəlib. Bu, əvvəllər planlaşdırılan dörd aylıq artıma bərabərdir. Aprel ayından etibarən ölkələr 2024-cü ilin dekabrında təsdiq edilmiş planla müqayisədə istehsalı sürətlə artırırlar.
Londonun ICE Futures birjasında oktyabrın 8-də Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 8:20-yə 69,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,21 dollar (0,3%) azdır. Cümə günü bu kontraktların qiyməti 2,03 dollar (2,8%) ucuzlaşaraq 69,67 dollar/barel olub.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda sentyabr ayı üçün WTI neftinin fyuçersləri 0,1 dollar (0,15%) ucuzlaşaraq 67,23 dollar/barelə bərabər olub. Əvvəlki sessiyanın sonunda bu müqavilələrin qiyməti 1,93 dollar (2,8%) ucuzlaşaraq 67,33 dollar/barel təşkil edib.