BİZNES

31 İyul

Dövlət əmlakının icarəsindən büdcəyə 21,8 milyon manat vəsait daxil olub

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 21,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Bu barədə Finss.az dövlət xidmətinə istinadən xəbər verir ki, 2025-ci ilin birinci yarımilliyi ərzində qeyri-yaşayış sahəsinə dair 312 yeni icarə müqaviləsi bağlanılıb. Qeyd olunub ki, bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Eyni zamanda, bildirilib ki, cari ilin yanvar-iyun aylarında 1.900 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 18 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə, vurğulanıb ki, qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2025-ci ilin birinci yarımilliyi ərzində 2.212 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqavilələrinin sayı 21,1% artıb.

"Cari ilin yanvar-iyun ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 21,8 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2024-ci ilin eyni dövrü ilə müqayisədə 22,3% artım qeydə alınıb", - deyə məlumatda qeyd edilib.