BİZNES

25 İyul

Volkswagen-in əməliyyat mənfəəti ikinci rübdə 29% azalıb

Finss.az xəbər verir ki, Alman avtomobil istehsalçısı Volkswagen (VW) 2025-ci ilin ikinci rübündə əməliyyat mənfəətini 29%-dən çox, gəlirini 3% azaldıb, hər iki göstərici bazarın gözləntilərindən daha pis olub.

Hesabat dövründə VW-nin əməliyyat mənfəəti bir il əvvəlki 5,43 milyard avro ilə müqayisədə 3,83 milyard avro təşkil edib. Əməliyyat marjası 6,5%-dən 4,7%-ə düşüb.

VW-nin rüblük gəliri bir il əvvəlki 83,34 milyard avrodan 80,81 milyard avroya qədər azalıb.

FactSet-in sorğusuna qatılan analitiklər orta hesabla əməliyyat mənfəətinin 3,94 milyard avro, gəlirin isə 82,16 milyard avro səviyyəsində olacağını gözləyirlər.

Avtomobil satışı 0,2% artaraq 2,263 milyon ədəd, istehsal isə 0,6% azalaraq 2,325 milyon ədəd olub.

Şirkət Avropanın ABŞ-a idxalına tariflərin mənfi təsirini əks etdirmək üçün tam illik proqnozunu yenidən nəzərdən keçirib və indi bu il illik gəlirinin 2024-cü il səviyyəsində qalacağını gözləyir, halbuki əvvəllər 5%-ə qədər artım proqnozlaşdırırdı. Hazırda əməliyyat marjası 4-5% (əvvəlki proqnoz: 5,5-6,5%) səviyyəsində qiymətləndirilir.