Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR), “Uzbekneftegaz” ASC və Özbəkistanın Energetika Nazirliyi arasında Üstyurt neft-qaz regionunda geoloji-kəşfiyyat və karbohidrogen hasilatını nəzərdə tutan məhsulun pay bölgüsü sazişi (MPBS) imzalanıb.
Finss.az Özbəkistan Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bu saziş iki ölkə arasında enerji sahəsində strateji əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçirilib.
Layihə çərçivəsində sahəsi 1000 kvadrat kilometrdən az olmayan ərazidə 3D seysmik kəşfiyyat aparılacaq və nəticələrə əsasən bir sınaq quyusu qazılacaq. Sənaye əhəmiyyətli yataqlar aşkarlandığı təqdirdə, onların işlənməsinə və hasilatına start veriləcək.
SOCAR prezidenti Rövşən Nəcəf qeyd edib ki, bu təşəbbüs şirkətin Xəzər və Mərkəzi Asiyada mövcudluğunu gücləndirməyə yönəlib:
“Layihəyə böyük motivasiya ilə başlayırıq və qabaqcıl texnologiyalar tətbiq olunacaq.”
Özbəkistanın energetika naziri Jurabek Mirzəmaxmudov isə bildirib ki, SOCAR ilə əməkdaşlıq ölkənin xarici investisiyalar və texnoloji tərəqqi strategiyasına uyğundur.
“Bu saziş Üstyurtun imkanlarını reallaşdırmaq üçün yeni səhifə açır”, – deyə o bildirib.
“Uzbekneftegaz” ASC-nin rəhbəri Bahodirjon Sidikov isə bu razılaşmanı sahəvi əməkdaşlıqda mühüm addım kimi qiymətləndirib.
Qeyd edək ki, MPBS modeli investorun xərclərini hasil olunan məhsul hesabına geri almasına və qalan mənfəətin tərəflər arasında bölüşdürülməsinə əsaslanır. Bu mexanizm xarici sərmayə üçün cəlbedici şərait yaradır.


