BİZNES

23 İyul

ARDNF-in aktivləri bu ilin ilk yarısında 10,8% artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin yanvar-iyun ayları üzrə investisiya fəaliyyətinin yekunlarını açıqlayıb.

Finss.az xəbər verir ki, hesabat dövründə Fondun aktivləri ilin əvvəlindən 10,8% artaraq 66,5 milyard ABŞ dollarına yüksəlib.

2025-ci ilin ilk yarısında ARDNF-nin büdcə gəlirləri 8,83 milyard manat, büdcə xərcləri isə 7,28 milyard manat təşkil edib. Neft-qaz sazişlərindən əldə olunan gəlirlər 5,74 milyard manat, investisiya gəliri isə 3,09 milyard manat səviyyəsində olub. Fond dövlət büdcəsinə 7,24 milyard manat transfert edib.

Büdcə gəlirlərinin təfsilatı:

  • Mənfəət neftinin və qazın satışından gəlir: 4,97 milyard manat
  • Bonus ödənişləri və tranzit gəlirləri: 765 milyon manat
  • Akresay hesabı ödənişləri: 3,6 milyon manat

Həmçinin, hesabat dövründə ARDNF-ə AÇG yatağından 4,43 milyard manat, Şahdəniz yatağından isə 423 milyon manat vəsait daxil olub.

İnvestisiya fəaliyyətinin nəticələri:

Fondun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər 3,09 milyard manat təşkil edib. Maliyyə bazarlarında müşahidə olunan müsbət dinamika ARDNF-nin portfel gəlirlərinə müsbət təsir göstərib. Xüsusilə, dövlət istiqrazları və səhm bazarlarında gəlirlilik yüksəlib. Qızıl bazarında isə davam edən yüksək tələbin təsiri ilə qiymətlər tarixi maksimum səviyyələrə çatıb və bu da büdcədənkənar gəlirlərin formalaşmasına səbəb olub. Hesabat dövrü üzrə büdcədənkənar gəlirlər 9,47 milyard manat səviyyəsində olub.

Büdcə xərcləri və layihələr:

2025-ci ilin ilk yarısında ARDNF dövlət büdcəsinə 7,24 milyard manat transfert edib. Eyni zamanda, aşağıdakı layihələrə vəsait yönəldilib:

  • Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı: 4,2 milyon manat
  • Gənclərin xarici ölkələrdə ali təhsil proqramı: 20,1 milyon manat

Fondun idarəetmə xərcləri isə 13,8 milyon manat təşkil edib.

Aktivlərin dinamikası:

2025-ci ilin ilk yarısında ARDNF-nin aktivləri ilin əvvəlindən artaraq 66,5 milyard ABŞ dollarına çatıb. Aktiv artımı əsasən investisiyalardan əldə edilən gəlirlər və valyuta məzənnələrinin dəyişməsi ilə bağlı büdcədənkənar gəlirlər hesabına baş verib.

Fond tərəfindən 2025-ci ilin ilk altı ayında Mərkəzi Bank vasitəsilə 3,7 milyard dollar məbləğində vəsait satılmışdır.

Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri

2025-ci ilin ilk altı ayı ərzində ARDNF-nin aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşmışdır.

ARDNF-nin borc öhdəliklərinə yatırımları ikinci rüb ərzində müsbət gəlirlilik nümayiş etdirmişdir. Rüb ərzində dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müşahidə olunan volatillik rübün sonuna doğru nisbətən azalmışdır. Eyni zamanda ABŞ və Avrozona iqtisadiyyatlarında inflyasiyanın müəyyən qədər səngiməsi müşahidə olunmuşdur. Borc öhdəlikləri altportfelinin gəlirliliyinə isə əsas töhfə faiz gəlirlərindən əldə olunmuşdur.

İkinci rüb ərzində qlobal səhm bazarlarında əsasən müsbət dinamika müşahidə edilmişdir. Rübün əvvəllərində ticarət siyasəti ilə bağlı yaranmış volatilliyə baxmayaraq, xüsusilə ABŞ səhm bazarlarında qiymətlərin yüksəlişi qeydə alınmışdır. Belə ki, siyasi müstəvidə davam edən qeyri-müəyyənliklərə rəğmən, investorların bazar gözləntilərində müşahidə olunan yaxşılaşma əsas səhm indekslərinin müsbət gəlirlilik nümayiş etdirməsi ilə nəticələnmişdir. Sözügedən tendensiyalar hesabat dövründə ARDNF-nin səhm altportfelinin gəlirliliyinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir.

Geosiyasi qeyri-müəyyənliklərin davam etməsi və mərkəzi bankların qızıla olan yüksək həcmdə davamlı tələbi fonunda, qızıl qiymətləri əhəmiyyətli artım göstərərək tarixi maksimum səviyyələrə çatmışdır. Bu əsasda hesabat dövrü ərzində ARDNF-nin qızıl altportfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşmışdır.

Ətraflı məlumat üçün linkə daxil olun.

Fuad Mədətov
Finss.az