Bu ilin yanvar-may aylarında Azərbaycan Yunanıstana 362,8 milyon kubmetr təbii qaz ixrac edib. Bu ixracdan əldə olunan gəlir 202,8 milyon ABŞ dolları təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Məlumata görə, ötən ilin eyni dövründə Yunanıstana 392,8 milyon kubmetr qaz satılmış, bundan 159,8 milyon dollar gəlir əldə olunmuşdu. Yəni, həcm baxımından ixrac 30 milyon kubmetr və ya 7,6% azalsa da, dəyər baxımından qazanc 43 milyon dollar və ya 26,9% artıb.
Ümumilikdə 2025-ci ilin ilk beş ayında Azərbaycan 10,271 milyard kubmetr həcmində, 3,833 milyard dollar dəyərində təbii qaz ixrac edib. Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,6% (358 milyon kubmetr) və 11,1% (382 milyon dollar) artım deməkdir.
Ötən ilin eyni dövründə bu rəqəmlər müvafiq olaraq 9,913 milyard kubmetr və 3,451 milyard dollar olmuşdu.
Hesabat dövründə Azərbaycana 195,6 milyon kubmetr həcmində qaz idxal olunub ki, bunun dəyəri 30,1 milyon dollar təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 99,2 milyon kubmetr və ya 33,6%, dəyər ifadəsində isə 14,1 milyon dollar və ya 31,9% azalma deməkdir.
2024-cü ilin ilk beş ayında ölkəyə 294,8 milyon kubmetr həcmində, 44,2 milyon dollar dəyərində qaz idxal edilmişdi.
Hesabat dövründə Azərbaycan təbii qazı Gürcüstan, Serbiya, Türkiyə, Bolqarıstan, İtaliya və Yunanıstana ixrac edib. Qaz idxalı isə Rusiya və Türkmənistandan həyata keçirilib.
Fuad Mədətov
Finss.az