BİZNES

21 İyul

“Anglo Asian Mining” bu il Dəmirli yatağından 4 000 ton mis hasil etməyi planlaşdırır

Azərbaycanın Dəmirli mədənində fəaliyyət göstərən “Anglo Asian Mining” şirkəti 2025-ci ildə bu yataqdan konsentrat şəklində təxminən 4 000 ton mis istehsal etməyi planlaşdırır.

Finss.az şirkətin yayımladığı məlumata əsasən xəbər verir ki, şirkət növbəti ildən başlayaraq istehsal həcmini daha da artırmağı hədəfləyir. Belə ki, 2026-cı ildən etibarən illik mis hasilatının 15 000 tona qədər çatdırılması nəzərdə tutulur.

Məlumata əsasən, yatağın istismar müddəti hazırda hazırlanmaqda olan geoloji və mineral ehtiyat modeli tamamlandıqdan sonra müəyyən ediləcək.

Dəmirli layihəsinin ərazisi şirkətə verildikdən sonra ilkin ekoloji araşdırmalar aparılıb. Nəticədə, ətraf mühitə və sosial sahəyə mümkün təsirlərin qiymətləndirilməsini əhatə edən ESIA (Environmental and Social Impact Assessment) mərhələsi həyata keçirilib.

Şirkət həmçinin dayanıqlı inkişaf istiqamətində atdığı addımları da açıqlayıb. ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) prinsiplərinə sadiqliyini nümayiş etdirən “Anglo Asian Mining” bu yaxınlarda dağ-mədən sənayesi üzrə ESG hesabatlılığı və müqayisəli təhlil xidmətləri göstərən “Digbee Limited” tərəfindən ilk rəsmi dayanıqlı inkişaf qiymətləndirməsini alıb. Bu barədə 2025-ci il iyunun 24-də rəsmi açıqlama verilib.

Şirkət əlavə edib ki, Dəmirli yatağında əlavə ehtiyatların aşkarlanması üçün böyük potensial mövcuddur. Eyni zamanda, yatağa yaxın ərazilərdə digər perspektivli mis sahələri də müəyyən olunub. Gələcəkdə bu istiqamətdə genişmiqyaslı regional geoloji kəşfiyyat işləri aparılması nəzərdə tutulur.