2025-ci ilin ilk yarısında Azərbaycana xaricdən 929 ədəd yalnız elektrik mühərriki ilə işləyən nəqliyyat vasitəsi — elektromobil idxal olunub.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu nəqliyyat vasitələrinin ümumi dəyəri 31,6 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həm say, həm də məbləğ baxımından azalma ilə yadda qalıb.
Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında ölkəyə 1 505 elektromobil idxal olunmuşdu. Onların ümumi dəyəri isə 62,2 milyon ABŞ dollarına bərabər idi. Nəticədə, bu il elektromobil idxalında miqdar baxımından 38,3% (596 ədəd), dəyər baxımından isə təxminən iki dəfə (30,6 milyon dollar) azalma qeydə alınıb.
Əlavə olaraq, idxal olunan elektromobillərin orta qiyməti də aşağı düşüb. Əgər ötən ilin ilk altı ayında bir elektromobilin orta qiyməti 41,3 min dollar idisə, bu il bu rəqəm 34 min dollara qədər geriləyib. Bu isə illik müqayisədə 7,3 min dollar və ya 17,7% ucuzlaşma deməkdir.
Ümumilikdə, yanvar-iyun aylarında Azərbaycana 51 727 ədəd müxtəlif növ avtomobil gətirilib. Bu nəqliyyat vasitələrinin ümumi idxal dəyəri 960,7 milyon ABŞ dolları təşkil edib. Avtomobil idxalında ötən illə müqayisədə 22,2% artım müşahidə olunub.
Hesabat dövründə ölkəyə, həmçinin:
- 250 ədəd, sürücü daxil olmaqla, 10 və daha çox sərnişin daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi (20,2 milyon ABŞ dolları dəyərində),
- 47 199 ədəd minik avtomobili və digər mühərrikli nəqliyyat vasitələri (865,3 milyon ABŞ dolları dəyərində) gətirilib.
Fuad Mədətov
Finss.az