BİZNES

18 İyul

Elektron ticarətdə yeni era: süni intellekt, artırılmış reallıq, sosial şəbəkələr üzərindən satışlar...

Finss.az - COVID-19 pandemiyası və texnologiyaların sürətli inkişafı elektron ticarət imkanlarının genişlənməsinə səbəb olub. Süni intellektin elektron ticarətdə geniş tətbiqi isə bu sahədə bir sıra üstünlüklər yaradıb. Qısacası, süni intellekt və “big data” elektron ticarətin ayrılmaz hissəsinə çevrilir. Artıq elektron ticarətdə süni intellekt müştəriyə uyğun daha fərdiləşdirilmiş məlumatlar verir, “chatbot”lar isə suala cavab verərkən istifadəçinin emosional vəziyətini anlaya, təhlil edə və ona uyğun ünsiyyət tərzi seçə bilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalının rəhbəri Ayxan Qədəşov elektron ticarətdə yaranan yeni rəqəmsal həllərlə bağlı danışarkən, bəzi diqqətçəkici yeniliklərə toxunub.

A.Qədəşov bildirib ki, istehlakçılar artıq əldə etmək istədikləri məhsulun şəklini “Snap and Shop” iş prinsipi ilə müəyyən edə, ən uyğun seçimlər arasında müqayisə apara və məhsulu qısa zamanda sifarişlə ala bilirlər. Müştəri davranışına uyğun olaraq veb saytların quruluşu də dəyişə bilir. Məsələn, istehlakçı platformada idman alətlərinə daha çox zaman ayırırsa, platforma bu şəxsə onun marağına uyğun, fərdiləşdirilmiş məhsul təkliflərini daha çox önə çıxarır. Sahənin mütəxəssisi deyir ki, brendlərin davranışlarında müəyyən dəyişikliklər sezilir. Belə ki, brendlər öz məhsul təsvirlərinin yazılmasında insan dəstəyindən az istifadə edərək, bunu süni intellekt əsaslı imkanlarla əvəzləyirlər. Bu da sirr deyil ki, süni intellekt alqoritmləri hər müştəri seqmenti üçün fərqli tərzdə təsvirlər, başlıqlar və reklam mətnləri yaratmaq gücünə sahibdir. Gənclərə yönəlik məhsul təsviri daha şən və sosial media dili ilə təqdim olunduğu halda, yaşlı auditoriya üçün daha detallı və etibarlı tonla reklam kampaniyası formalaşdırılır və bütün bunların ərsəyə gəlməsində rəqəmsal həllər daha sürətli və dəqiq həllər təklif edir.

Rəqəmsal inkişaf qanun dəyişikliyini labüd edir

Rəqəmsal xidmətlərin sürətli inkişafı dünyanın bir sıra ölkələrində bu sahəni tənzimləyən qanunverici aktların yenidən gözdən keçirilmə zərurətini yaradıb və Azərbaycan da belə ölkələr sırasında yer alır. Məsələn, sosial mediada təsir imkanları olanlar, yəni influenserlərlə bağlı hüquqi tənzimləmələr əksər ölkənin qanunvericiliyində öz əksini tapır. A.Qədəşov vurğulayır ki, ölkəmizdə bu sahədə təkmilləşmə aparıldıqdan sonra, influenserlərin fəaliyyətinə dair hüquqi çərçivə daha da aydınlaşıb. Son dəyişikliyə əsasən, bu şəxslər reklam paylaşdıqları zaman “reklam”, “sponsorluq” və ya “tərəfdaşlıq” kimi qeydləri mütləq göstərməlidirlər. Bununla yanaşı paylaşımda vizual və ya səs effektləri ilə məhsul təqdimatı dəyişdirilibsə, bu barədə izləyici mütləq məlumatlandırılmalıdır. Reklamı sifariş edən şəxs və şirkət haqqında açıq informasiya verilməsi də tələblər sırasında yer alır. Saxta hesabla reklam vermək və ya istifadə etmədiyi məhsulu sanki istifadə edirmiş kimi göstərmək isə qadağandır. A.Qədəşov hesab edir ki, bu dəyişiklik rəqəmsal məkanda şəffaflığı, rəqabət mühitinin qorunması və məsuliyyətli yanaşmanı artırmaq baxımından önəmli addımdır. Bir sözlə, rəqəmsal imkanların artması ilə ənənəvi reklam formaları getdikcə arxa plana keçir və yeni rəqəmsal imkanlar formalaşır. Bu isə tənzimləmə ehtiyacını daha da aktuallaşdırır.

Virtual reallıq texnologiyaları elektron ticarətdə

Elektron ticarətdə rast gəlinən maraqlı yeniliklərdən biri də “səsli ticarət”in (voice commerce) getdikcə trendə çevrilməsidir. Müştərilər “Alexa” və ya “Google Assistant” kimi virtual rəqəmsal köməkçilər vasitəsilə məhsul axtara və ticarət edə bilirlər. Buna marağın kifayət qədər artması brendləri hərəkətə keçirib, qlobal şirkətlər səsli axtarış üçün məhsul təsvirlərini və saytları optimallaşdırmağa başlayıblar. Bir zamanlar əyləncə aləti olaraq qəbul etdiyimiz artırılmış reallıq (AR) və virtual reallıq (VR) texnologiyaları da günü-gündən elektron ticarətdə yayılır. Bu texnologiya məhsulların “3D” vizuallaşdırılması baxımdan unikal imkanlar yaradır. Məsələn, müştəri olduğu məkandan ayrılmadan, alacağı mebelin orada necə görünəcəyini AR və VR gözlükləri vasitəsi ilə test edə bilir. Bu texnologiya alıcının qərarvermə sürətini artırdığı kimi, yolda sərf olunacaq zamanına da qənaət deməkdir. A.Qədəşov proqnozlara əsaslanaraq bildirir ki, bu texnologiyanın bazar payının 2025-ci ilin sonuna kimi 50 milyard ABŞ dollarını ötmə ehtimalı var.

Artıq bir müddətdir dünyanın aparıcı ayaqqabı istehsalçısı “Nike” da satış səhifəsində süni intellektin tətbiqini genişləndirib. Artıq müştəri süni intellekt dəstəyi ilə arzuladığı idman ayaqqabısını dizayn edə, onun rəngi, materialı, tərzini seçə bilir. Bununla yanaşı, AR ilə virtual hazırlanmış ayaqqabının ayaqda necə görünəcəyini də saniyələr içində evdən uzaqlaşmadan görmək mümkündür. Dünyaca məşhur “Sephora” brendi də artırılmış reallıq texnologiyalarını geniş tətbiq etməyə başlayıb. Belə ki, AR əsaslı tətbiq ilə müştərilər onlayn rejimdə kamera ilə üzlərinə virtual makiyaj edə, almaq istədikləri məhsulun necə göründüyünü sınaqdan keçirə və onu evdən ayrılmadan sifariş verə bilirlər.

Sözsüz ki, texnologiyanın inkişafı ilə bəzi ənənəvi vərdişlər rəqəmsallaşsa da, bu, insanların sosiallaşma və emosional ehtiyaclarını yox etməyib. A.Qədəşov hesab edir ki, günümüzdə onlayn ticarət tək istehlak tələbinin qarşılanması deyil, həm də emosional balansın tənzimlənməsidir. İnsanların bu davranışları bir neçə tətdiqatçının araşdırma mövzusuna çevrilib. ABŞ-nin Miçiqan Universitetində aparılan bir tədqiqat (Rick, Pereira Burson, 2014) sübut edir ki, mənfi emosiyalar yaşayan insanlar alış-verişə etməyə daha çox maraqlı olurlar. Bu onlara özlərini daha yaxşı hiss etdirmək üçün bir növ "emosional çıxış qapısı" olur. Kolumbiya Biznes Məktəbinin mütəxəssisləri isə apardıqları araşdırma ilə insanların sosial və şəxsi uğursuzluqlardan sonra alış-verişlə daxili nəzarət hissini bərpa etməyə çalışdıqları qənaətinə gəliblər. Stanford Universitetinin araşdırmasına əsasən, başqasına hədiyyə almaq beyində dopamin ifrazını artırır.

Dünyada mobil ticarət 2 trilyon dolları keçib

“Ağıllı” telefonlar artıq həyatımızın ayrılmaz hissəsinə çevrildiyi üçün alış-veriş üçün kompüterə belə ehtiyac qalmır. İnternetə çıxışı olan hər kəs bir toxunuşla məhsulu səbətə atıb, onlayn ödənişlə onun sahibi ola bilər. Mobil ticarətdə (m-commerce) rəqəmlər çox dinamikdir və həcm artan templə hərəkət edir. 2024-cü ilin sonuna olan məlumatlara əsasən, mobil ticarətin həcmi 2 trilyon dolları ötüb və bu, qlobal elektron ticarət satışlarının 57 faizi deməkdir. Geniş istifadəçi bazası olan “İnstagram”, “TikTok” və “Facebook” kimi platformalar insanlara birbaşa sosial şəbəkə üzərindən məhsul almaq imkanı verir. Məsələn “TikTok Shop” canlı yayımda izləyicilərə məhsul tanıdır və videonun altında “satın al” düyməsini yerləşdirməklə birbaşa satış həyata keçirir. “Shein” alış-veriş platforması isə süni intellekt dəstəkli tövsiyə sistemləri ilə istifadəçiyə hər gün 100-dən çox fərdi məhsul təklif edir. “Snap and Shop” funksiyası ilə istifadəçi, sadəcə, bir geyimin şəklini çəkir, sistem isə ona bənzər geyimləri avtomatik təklif edir. Bu artıq təkcə mağaza deyil, həm də bir növ fərdi stilist və ya psixoloq funksiyasını yerinə yetirir. Proqnozlara nəzər yetirəndə, 2025-ci ilin sonuna kimi sosial şəbəkələr üzərindən aparılan ticarətin ümumi qlobal elektron ticarət satışlarının 20 faizini təşkil edəcəyi gözlənilir. Bu da o anlama gəlir ki, insanlar daha çox sosial mühitdə alış-veriş etməyə meyillidirlər. Yəni məhsulu təkcə görmək yox, başqalarının fikirləri, influenserlərin təqdimatı, canlı yayım mühiti qərarlarının qəbul edilməsinə öz təsirini göstərir.

©vergiler.az