BİZNES

17 İyul

Şirkət Türkiyə lirəsinin risklərindən əsasən sığortalanıb

Finss.az - "Moody’s" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR barədə hazırladığı son hesabatda bildirib ki, şirkətin kredit göstəriciləri qlobal karbohidrogen qiymətlərindən əhəmiyyətli dərəcədə asılıdır.

Bu asılılıq, əsasən, SOCAR-ın birbaşa hasilatı, Məhsulun Pay Bölgüsü Sazişlərində iştirakı və xüsusilə Türkiyədəki STAR Neftayırma Zavodu və Petkim kimi aktivlərin fəaliyyətindən qaynaqlanır.

Agentliyin fikrincə, SOCAR-ın Türkiyə lirəsinin devalvasiyasına qarşı riski məhduddur. Çünki STAR və Petkim tərəfindən istehsal olunan məhsulların satış qiymətləri ABŞ dolları ilə tənzimlənir. Bundan əlavə, Azərbaycanın milli valyutası – manat faktiki olaraq 1,7 məzənnəsi ilə dollara bağlandığından, valyuta riski nisbətən sabit qalır.

Moody’s qeyd edir ki, SOCAR-ın mənfəəti və borc nisbətləri əsasən qısamüddətli borclanma ilə həyata keçirilən ticarət əməliyyatlarının həcmi ilə müəyyən olunur. Eyni zamanda, daxili bazarda neft məhsullarına tətbiq edilən tənzimlənən qiymətlər şirkətin gəlirlərinin neftin dünya qiymətlərindəki dəyişikliklərə qarşı həssaslığını azaldır.

Hesabatda vurğulanır ki, SOCAR neftin yüksək qiymətləri şəraitində belə kredit göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilmir. Şirkət ölkə daxilində yeganə neftayırma müəssisəsi olan Heydər Əliyev adına Neft Emalı Zavoduna (NEZ) yönəldilən neftin əsas hissəsini daxili bazarda tənzimlənən qiymətlərlə satır. NEZ-in illik gücü 6 milyon ton təşkil edir və əsasən dizel və benzin istehsal olunur. Dizelin bir hissəsi ixrac edilsə də, AI-92 markalı benzin kimi məhsullar daxili bazarda sabit tariflərlə təklif olunur.