Finss.az - Mövzunu Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev şərh edib.
Blogerlər hər hansı bir məhsulu və ya xidmət sahəsini reklam edirlərsə, bu reklamlardan əldə etdikləri gəlirdən mütləq vergi ödəməlidirlər. Məhsulun reklam və ya tövsiyə xarakterli olması blogerin bu fəaliyyət üzrə davamiyyətinə görə təhlil edilə bilər. Əgər bloger eyni və ya eynicinsli məhsulları və ya xidmətləri mütəmadi olaraq tövsiyə edirsə, bu iş artıq reklam xarakterli qəbul olunur və vergiyə cəlb edilir. Həmçinin, vergi orqanları tərəfindən əlaqəli (analoji) məlumatlar əsasında blogerin fəaliyyətinin reklam xarakterli olduğu aşkar edilə bilər. Bəs bu halda bloger fəaliyyəti göstərən şəxslər nə etməlidirlər?
İlk növbədə, onlar vergi uçotuna alınmalı, yəni VÖEN əldə etməlidirlər. Daha sonra göstərdikləri xidməti rəsmiləşdirməli (müqavilə bağlamaq, elektron qaimə göndərmək) və gəlirlərinin, xərclərinin uçotunu apararaq vergi ödəməlidirlər.
Bloger fəaliyyəti göstərən şəxslər gəlir vergisinin ödəyicisi hesab edilirlər. Vergi Məcəlləsinin 102.1.30 və 102.1.30-1 ci maddələrinə əsasən, bloger fəaliyyəti göstərən şəxslərin illik gəliri 200.000 manatı keçmədikdə onlar mikrosahibkarlıq subyekti hesab edilir və vergi güzəştlərindən yararlana bilərlər. Belə ki, blogerin reklam fəaliyyəti üzrə illik gəliri 45.000 manatı keçmədikdə onun 75% güzəştdən istifadə etmək hüququ vardır.
Misal 1: Bloger fəaliyyəti göstərən şəxsin bu fəaliyyət üzrə illik gəliri 40.000 manat, xərcləri isə 15.000 manat olub. Bu halda onun gəlir vergisi belə hesablanacaq:
40.000 – 15.000 = 25.000 manat;
25.000 – (25.000 x 75%) = 6.250 manat;
6.250 x 20% = 1.250 manat.
Beləliklə, həmin gəlirdən verginin məbləği 1.250 manat təşkil edəcək.
Əgər bloger fəaliyyəti göstərən şəxsin illik gəliri 45.000 manatdan çox və 200.000 manata qədər olarsa, bu halda onun vergi güzəştindən istifadə etmək üçün orta aylıq işçi sayı azı 3 nəfər olmalıdır. Əks halda, güzəşt hüququndan məhrum olmaqla 20% dərəcə ilə vergi ödəməlidir.
Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, blogerləri yayındırılmış və ya bəyan edilməmiş vergi məbləğlərinin 50%-i miqdarında maliyyə sanksiyası (cərimə) gözləyir.
Misal 2: Blogerin illik gəliri 50.000 manat, xərcləri isə 10.000 manat olub. Ancaq buna baxmayaraq, o, gəlirini bəyan etməyib və vergidən yayınıb. Bu halda həmin bloger aşağıdakı qaydada cərimə ilə üzləşəcək:
İlk növbədə vergi öhdəliyi yaranır:
(50.000-10.000) x 20% = 8.000 manat.
İkinci növbədə sanksiya (cərimə) tətbiq olunur:
8.000 x 50% = 4.000 manat.
Üçüncü növbədə isə vergi ödənişini gecikdirdiyi üçün ona əlavə faizlər hesablanacaq.
©vergiler.az