BİZNES

14 İyul

Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupunun ilk iclası keçirilib

Finss.az Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupunun ilk iclasında Məcəllənin konsepsiyasında yer alacaq məsələlər müzakirə edilib, qanunvericilik bazasının müasir tələblərə uyğunlaşdırılması istiqamətində təkliflər verilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində “Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə İşçi qrupu”nun ilk iclası keçirilib. İşçi qrupuna daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda torpaq idarəçiliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, o cümlədən Torpaq Məcəlləsinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi, Məcəllənin konsepsiyasının hazırlanması istiqamətində müzakirələr aparılıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev torpaq münasibətlərinin müasir dövrün tələblərinə uyğun tənzimlənməsinin, torpaqların idarəedilməsində, onların istifadəsinə nəzarət və mühafizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb. Torpaq Məcəlləsinin konsepsiyasında müasir çağırışlar fonunda iqlim dəyişikliyi və onun təsirlərinin nəzərə alınması, ölkə ərazisində özbaşına tikililərə, təyinatdan kənar istifadə və mühafizə zonalarına riayət edilməsinə münasibətdə yeni nəzarət mexanizminin yaradılması, torpaq sahələrinin konsolidasiyası və digər məsələlərin əks olunması məqsədəuyğun hesab edilib.

İclasda müxtəlif dövlət qurumlarının nümayəndələri öz sahələri üzrə mövcud problemləri, hüquqi boşluqları və praktiki çətinlikləri diqqətə çatdırıb, qanunvericiliyin təhlili, torpaqların kadastr uçotu və idarəçiliyində səmərəliliyinin artırılması ilə bağlı təkliflər irəli sürüblər.