BİZNES

14 İyul

Təhsilə sərmayə üç dəfə artdı – 6 ayda 152 milyon manat

2025-ci ilin ilk yarısında Azərbaycanda təhsil sektoruna əsas kapital xətti ilə 152,4 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə və ya 103,9 milyon manat çoxdur.

Finss.az xəbər verir ki, bu göstərici təhsil sahəsinə dövlət və özəl sektor tərəfindən artan marağın göstəricisidir. Hesabat dövründə təhsilə yatırılan investisiyalar ümumi əsas kapital qoyuluşlarının 1,9%-ni təşkil edib.

Qeyd edək ki, ümumilikdə 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatının və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8,073 milyard manat vəsait yönəldilib. Bu göstərici ötən illə müqayisədə 0,5% azalıb.

Sahələr üzrə bölgüyə baxdıqda, neft-qaz sektoruna investisiyaların həcmi 23,8% azalıb. Əvəzində qeyri-neft sektoruna qoyulan vəsait 13,5% artıb ki, bu da təhsil kimi sosial sahələrə diqqətin artdığını göstərir.