BİZNES

14 İyul

Azərbaycanda dəmir yolu ilə yük daşımaları azalıb, sərnişin daşımaları isə artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 8,5 milyon ton yük və 4,648 milyon sərnişin daşınıb.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.

Statistik göstəricilərə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşımalarında 9,3% azalma müşahidə olunub. Əvəzində sərnişin daşımalarında 20,7%-lik artım qeydə alınıb ki, bu da dəmir yoluna olan ictimai tələbatın artdığını göstərir.

Ümumilikdə, 2025-ci ilin ilk yarısında ölkədə yük daşımalarında 2,8%, sərnişin daşımalarında isə 5,3% artım müşahidə olunub.

Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 116,4 milyon ton yük daşınıb. Bu yüklərin 4%-i dəniz, 7,3%-i dəmir yolu, 0,2%-i hava, 60,1%-i avtomobil, 28,4%-i isə boru kəmərləri vasitəsilə daşınıb.

Fuad Mədətov
Finss.az