BİZNES

07 İyul

Azərbaycanın Türkmənistandan qaz idxalı 1,8 dəfə azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana Türkmənistandan 155,3 milyon kubmetr həcmində təbii qaz idxal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə azalma deməkdir.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qazın idxalı üçün Azərbaycan 23,3 milyon ABŞ dolları xərcləyib. Halbuki, 2024-cü ilin ilk dörd ayında Türkmənistandan 281 milyon kubmetr qaz alınmış və bunun dəyəri 42,1 milyon dollar təşkil edib.

Cari ilin yanvar-aprel aylarında Azərbaycana ümumilikdə 176,5 milyon kubmetr təbii qaz idxal olunub. Bu idxalın 27,2 milyon dollar dəyərində olduğu bildirilir.

Buna paralel olaraq, Azərbaycanın təbii qaz ixracı isə həmin dövrdə 8,2 milyard kubmetr, dəyər ifadəsində isə 3,1 milyard ABŞ dolları səviyyəsində olub.

Hesabat dövründə Azərbaycan aşağıdakı ölkələrə təbii qaz ixrac edib:

  • Gürcüstan
  • Serbiya
  • Türkiyə
  • Bolqarıstan
  • İtaliya
  • Yunanıstan

Qaz idxalı isə Rusiya və Türkmənistandan həyata keçirilib.

Fuad Mədətov
Finss.az